Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) təşəbbüsü ilə keçirilən silsilə maarifləndirici tədbirlər çərçivəsində növbəti görüş Azərbaycan İlahiyyat İnstitutunda baş tutub. Tədbirdə institutun müxtəlif fakültələrində təhsil alan tələbələr iştirak ediblər. Tədbiri institutun təlim-tərbiyə işləri üzrə dekan müavini Asəf Qənbərov açaraq, orqan donorluğunun tibbi və mənəvi əhəmiyyətindən danışıb. O bildirib ki, bu mövzu günümüzün aktual məsələlərindən biridir və həyat qurtarmaqla birbaşa bağlıdır: "Bütün dinlərdə olduğu kimi, islamda da insan həyatına dəyər verilir və onu qorumaq başlıca məqsədlərdəndir. Orqan donorluğu bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir".
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxışında beynəlxalq təcrübədən nümunələr gətirib. O qeyd edib ki, özü beş il Səudiyyə Ərəbistanında reanimatoloq kimi çalışarkən orada meyit donorlarından orqan götürülməsi praktikası ilə yaxından tanış olub: "Dinin mərkəzi hesab olunan bir ölkədə orqan donorluğu sürətlə inkişaf edib. Bu, bir tərəfdən ailələrin maariflənməsi, digər tərəfdən isə dini baxışların düzgün izahı sayəsində mümkün olub. Orqan bağışlamaq savab işdir, amma bu, hər insana nəsib olmur. Hansı şəraitdə dünyadan köçəcəyimizi və orqanlarımızın yararlı olub-olmayacağını biz bilə bilmərik. Bu, Yaradanın seçimi ilə baş verir. Ən böyük savab isə insanın etdiyi yaxşılığı gizli saxlamasıdır."
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva qeyd edib ki, ölümdən sonra orqan donorluğu sadəcə fərdi qərar deyil, həyatla ölüm arasında mübarizə aparan bir neçe insan üçün yaşamaq ümidi deməkdir.
Tədbirin sonunda tələbələr orqan donorluğunun tibbi, hüquqi və dini tərəfləri ilə maraqlanaraq fəal şəkildə suallar ünvanlayıb, fikir mübadiləsi aparıblar. Daha sonra ölümündən sonra orqan donoru olmaq istəyənlər könüllü olaraq razılıq ərizəsini imzalayıblar.
Tədbir iştirakçılarıına orqan donorluğu loqosu əks olunmuş mayka və kepkalar təqdim olunub.